Xaricdə təhsil

İstanbulda tibb təhsili və ilk elmi layihələr

Sağlık Bilimleri Universiteti

Şəms Həsənli, Sağlık Bilimleri Universitetinin tibb tələbəsi

“«Başqasının istəyi ilə ixtisas seçməsinlər.»”

Özünüzü təqdim edə bilərsiniz?

Mən Şəms Həsənliyəm. Türkiyənin İstanbul şəhərində yerləşən Sağlık Bilimleri Universitetinin Hamidiyə Beynəlxalq Tibb Fakültəsində 3-cü kurs tələbəsiyəm.

Universitetə hansı nəticələrlə qəbul olmuşdunuz?

2019-cu ilin dekabrında keçirilən SAT I imtahanında 1460 bal toplamışdım. 2020-ci ilin yanvarında isə Yunus Emre İnstitutunun keçirdiyi Türk dili üzrə bilik imtahanından (Türkçe Yeterlik Sınavı, TYS) C2 səviyyəli sertifikat almışdım. Universitetə bu nəticələrlə müraciət etmişdim.

Universitetin qəbul müsahibəsində 100 baldan 97 bal topladım. Müraciətimdə digər nailiyyətlərimin də rolu oldu. Müsahibədə mənə onlarla bağlı suallar verdilər. Daha sonra universitetin ingilis dili üzrə bilik imtahanından da uğurla keçib birinci kursda təhsilimə başladım.

Universitet dövlət universiteti olsa da, xüsusi təqaüd almayan xarici tələbələr üçün təhsil ödənişlidir. Qəbul olduğum 2020-ci ildə təhsil haqqı təxminən 3 000 ABŞ dolları idi. Yeni qəbul olunan tələbələr üçün bu məbləğ ildən-ilə dəyişir.

Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və digər akademik fəaliyyətlər)?

Sağlık Bilimleri Universiteti 2015-ci ildə təsis olunub. Universitetin İstanbulda yerləşdiyi tarixi tibb məktəbinin əsası isə 1903-cü ildə qoyulub. Universitetin Türkiyənin səkkiz şəhərində (İstanbul, Ankara, Adana, Ərzurum, Bursa, İzmir, Trabzon və Kayseri), eləcə də Özbəkistan, Suriya, Somali və Sudanda kampusları var. Tələbələr universitetin əməkdaşlıq etdiyi tədris və tədqiqat xəstəxanalarında klinik təcrübə keçirlər. Universitetin laboratoriya, avadanlıq və klinik təcrübə imkanları genişdir.

Tibb təhsilinin ilk üç ili universitetdə, növbəti üç ili isə xəstəxanalarda keçirilir. Oxuduğum fakültədə dərslər 1-ci kursda tamamilə ingilis dilində, 2-ci kursda 70% ingilis və 30% türk dilində, 3-cü kursda isə 50% ingilis və 50% türk dilində keçirilir. 4–6-cı kurslarda tədris tamamilə türk dilində aparılır.

Universitetin tələbələrə geniş akademik imkanlar yaratdığını düşünürəm. Müəllimlər elmi fəaliyyətlə fəal məşğul olur və təcrübələrini tələbələrlə bölüşürlər. Birinci kursda müəllimlərimdən birinin ödənişsiz keçirdiyi «Akademik layihələrin hazırlanması» kursuna qatıldım və akademik layihə yazmağı öyrəndim.

Daha sonra layihəmi Türkiyədə keçirilən aviasiya, kosmos və texnologiya festivalına — TEKNOFEST-ə təqdim etdim və finalçı oldum. Başqa bir layihəmi isə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) tələbələr üçün nəzərdə tutulan 2209 proqramına təqdim etdim. Layihəm proqram çərçivəsində maliyyə dəstəyi aldı. Universitetdə keçirilən Hamidiyə Beynəlxalq Tələbə Konqresində (HISCON) isə layihəm «Ən yaxşı təqdimat» kateqoriyasında ikinci yerə layiq görüldü.

Bəs dərsdənkənar tələbə həyatı necədir (klublar, yarışlar və digər sosial fəaliyyətlər)?

Universitetdə 28 tələbə klubu var və onlara qoşulmaq ödənişsizdir. Klublar fəaliyyət göstərdikləri sahələr üzrə ildə bir neçə dəfə müxtəlif tədbirlər və yarışlar təşkil edirlər. Universitet həmçinin tələbələrin müəllimlərlə və bir-biri ilə tanış olması üçün hər il «Tanışlıq yeməyi» adlı tədbir keçirir.

Yaşadığınız ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

İstanbul təhsil, sosial həyat, yeni insanlarla tanışlıq, iş və təcrübə imkanları baxımından çox zəngin şəhərdir. Ərazisi geniş, əhalisi çox olduğuna görə burada müxtəlif təcrübələr qazanmaq, fərqli nəqliyyat vasitələrindən istifadə etmək və yeni yerlər kəşf etmək olur. Müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq və türk mətbəxinin fərqli təamlarından dadmaq üçün də əlverişli şəhərdir.

Bu ölkədə, bu universitetdə və ya ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə tövsiyə edərdiniz?

Xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyəm budur ki, hansı ölkədə və ya şəhərdə olsalar da, orada keçirdikləri vaxtı yaxşı dəyərləndirsinlər. Tək yaşamaqdan qorxmasınlar və mütləq kiminləsə birgə yaşamalı olduqlarını düşünməsinlər. Tək yaşamağın da zövqlü tərəfləri var.

Öz məqsədlərindən dönməsinlər. Uğur qazanmaq üçün öz hədəflərinin arxasınca getməlidirlər. Başqasının istəyi ilə ixtisas seçməsinlər. Belə seçim sonradan həm uğur qazanmağı, həm də özlərini xoşbəxt hiss etməyi çətinləşdirə bilər.

Həyatın qısa olduğunu və onu istədikləri kimi yaşamalı olduqlarını unutmasınlar. Yaxşı təhsil almaq, gəzmək, yeni insanlarla tanış olmaq və fərqli təcrübələr qazanmaq bunun bir yoludur. :)

Social icon