“Mənim gəldiyim nəticə budur ki, sevdiyiniz bir sahədə uğur qazanmağa çalışmalısınız.”
Özünüzü təqdim edə bilərsiniz?
Mən Salman Hüseynovam. 2005-ci ildə doğulmuşam və Astara rayonunun Pensər kəndində böyümüşəm. Tam orta təhsilimi kəndin 2 nömrəli məktəb-liseyində almışam. Yalnız 7-ci sinifdə Lənkəran İstək Liseyində oxumuşam.
Hər iki valideynim müəllimdir. Atam kimya müəllimi olduğundan elmə marağım yaranıb. Bu maraq məni fənn olimpiadalarına yönəldib, olimpiadalardakı iştirakım isə, öz növbəsində, Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olmağıma yol açıb. Təbii ki, burada başqa mühüm amillər də olub, amma hekayəmin qısa xülasəsi belədir.
Universitetə hansı nəticələrlə qəbul olmuşdunuz?
SAT imtahanında 1520, IELTS imtahanında isə 8,0 bal toplamışdım. Bundan əlavə, biologiya üzrə respublika olimpiadasında bir bürünc medal, kimya üzrə respublika olimpiadalarında bir gümüş və bir qızıl medal, beynəlxalq kimya olimpiadasında isə bir bürünc medal qazanmışdım.
Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və digər akademik fəaliyyətlər)?
Ən çox diqqətimi çəkən odur ki, burada tədris tələbələrin ehtiyaclarına uyğun qurulub. Məsələn, səhhətinizlə bağlı probleminiz və ya başqa ciddi bir səbəbiniz varsa, tapşırığın təhvil müddətini uzatmaq, imtahanı başqa vaxt vermək və ya imtahandan azad olunmaq mümkündür.
Əksər hallarda dərsi mənimsəmək üçün üç imkan olur. Mühazirələrdə mövzunu əsasən professor izah edir. Təkrar məşğələlərində müəllim köməkçiləri kiçik qruplarda mövzunu tələbələrlə müzakirə edir və nümunə tapşırıqlar həll olunur. Qəbul saatlarında isə professor və ya müəllim köməkçisi bir saat ərzində tələbələrin suallarını cavablandırır.
MIT-də ixtisasından asılı olmayaraq hər bir bakalavr tələbəsi altı baza fənnini və humanitar elmlər, incəsənət və sosial elmlər üzrə səkkiz fənni tamamlamalıdır. Baza fənlərinə iki fizika kursu (Nyuton mexanikası və elektromaqnetizm), iki riyaziyyat kursu (bir dəyişənli və çox dəyişənli riyazi analiz), kimya və biologiya daxildir. Məzun olmaq üçün üzgüçülük tələbini də yerinə yetirmək lazımdır. Bunun üçün üzgüçülük testindən keçmək və ya müvafiq kursu tamamlamaq olar.
Dərslərdən əlavə, tələbələr müəllim köməkçisi kimi çalışa və ya elmi araşdırmalarda iştirak edə bilirlər. Bəzi fənlər üzrə digər tələbələrə fərdi dərs keçmək imkanı da var.
Bəs dərsdənkənar tələbə həyatı necədir (klublar, yarışlar və digər sosial fəaliyyətlər)?
İlk semestr başlamazdan əvvəl MIT-də “Midway” adlı tədbir keçirilmişdi. Klub üzvləri stendlər qurub öz klublarını tanıdırdılar. MIT-də nə qədər çox klub olduğunu orada görmək olurdu.
Klubların məqsədləri müxtəlifdir. Məsələn, türk, müsəlman və yəhudi tələbə birlikləri var. Bəzi qruplar isə sosial və akademik fəaliyyətlərə yönəlib. MIT-nin elm olimpiadaları və kimya qrupları buna nümunədir.
Yataqxanalar da müəyyən mənada klub kimidir. Tez-tez bir yerə yığışıb müxtəlif işlər görürük. Məsələn, dekabrda tələbələr yataqxananın Yeni il ağacını bəzəmək üçün toplaşmışdılar. Bəzən tələbələr və ya yataqxananın nəzarətçiləri şirniyyat bişirib hamını həmin mərtəbəyə dəvət edirlər. Şirniyyata çox adam «yox» demir.
Yaşadığınız ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
MIT Kembric şəhərində yerləşir. Kembric daha məşhur qonşusu Bostondan kiçikdir. Bostonla Kembrici Çarlz çayı ayırır, Harvard körpüsü isə birləşdirir.
Bostonun gözəl tarixi memarlığı var. Böyük Boston ərazisində MIT-dən başqa Harvard Universiteti, Boston Universiteti, Northeastern Universiteti və Tufts Universiteti kimi ali məktəblər də yerləşir.
Burada metro da var. Mənim müşahidəmə görə, Bakıdakı qədər çox istifadə olunmasa da, şəhərdə gediş-gəlişi asanlaşdırır. Şəhərə çıxanda ilk gözə çarpan şeylərdən biri Harvard yazılı köynəklərin çoxluğudur. İkinci gözə çarpan isə MIT yazılı köynəklərin yoxluğudur.
Düzünü desəm, şəhəri çox gəzməmişəm. Dostlarım mənə Bostondan şəkil və videolar göndərəndə həmin mənzərələri çox vaxt ilk dəfə görürəm. Növbəti semestrdə bu səhvimi düzəltməyi düşünürəm.
Bu ölkədə, bu universitetdə və ya ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə tövsiyə edərdiniz?
Təəssüf ki, ABŞ-da universitetə qəbul olmağın amerikalıların özləri üçün belə, hamıya uyğun bir yolu yoxdur. Buna baxmayaraq, mən də daxil olmaqla, bunu bacaran çoxlu gəncimiz var. Öz təcrübəmə və onların təcrübəsinə baxanda görürəm ki, hər kəs fərqli yol keçib.
Məsələn, mən olimpiadalarda iştirak etmişdim. Məndən əvvəl MIT-yə qəbul olan Barış Namazov da olimpiadalarda iştirak etmişdi. Keçən il Azərbaycanda Züleyxa Kişiyeva ilə tanış olmuşdum. O, Pensilvaniya Universitetində (UPenn) təhsil alır. Həm o, həm də həmin universitetin digər tələbəsi Reyhan Camalova layihələr üzərində çalışmışdılar. Bu il isə Zülfiyyə Kişiyevanın Stanford Universitetinə qəbul olmasına sevindik. Bildiyim qədərilə, o, riyaziyyatla bağlı kitab yazmışdı.
Təbii ki, onların müraciətlərində qeyd etdiyim işlərdən başqa fəaliyyətlər də olub. Amma hər birinin sevdiyi və uğur qazandığı bir sahə var. Mənim gəldiyim nəticə budur ki, sevdiyiniz bir sahədə uğur qazanmağa çalışmalısınız. Bunu öz tələbə yoldaşlarımda da görürəm.
Düşünürəm ki, sevdiyiniz işlə məşğul olub uğur qazanmaq sizə universitetə qəbuldan daha çox şey qazandıracaq.