Xaricdə təhsil

Günay Əmircanlı ilə müsahibə

Malmö Universiteti

Günay Əmircanlı İsveçrədə

“Fikrimcə, bu prosesi əvvəlcədən planlaşdırmaq və hazırlığa vaxt ayırmaq lazımdır.”

Özünüzü təqdim edə bilərsiniz?

Mən Günay Əmircanlıyam. İngilis dili müəllimiyəm. 2022-ci ildə İsveçdəki Malmö Universitetinə tam təqaüdlə qəbul olmuşam.

Universitetə hansı nəticələrlə qəbul olmuşdunuz?

CELTA, TESOL və TKT 1/2 sertifikatlarım var. Həmçinin IELTS imtahanında 8,0 bal toplamışam. Universitetə qəbul və təqaüd üçün esse yazmaq, 3000 saatdan artıq iş təcrübəsinə malik olmaq və seçdiyim fakültənin ixtisasıma və əvvəlki təhsilimə uyğun gəlməsi tələb olunurdu. Tələb olunan iki yazıdan biri motivasiya məktubu, digəri isə liderlik təcrübəmlə bağlı esse idi.

Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və digər akademik fəaliyyətlər)?

Burada ilk semestrimi tamamladım. Bizə keçilən dərslər ixtisasımızla tam əlaqəli deyildi. Buna baxmayaraq, təhsilin çox keyfiyyətli olduğunu düşünürəm. Müəllimlərin dərs keçməyi sevdiklərini və işlərinə həvəslə yanaşdıqlarını hiss edirəm.

Dərslərin fərqli cəhətlərindən biri standart imtahanların olmamasıdır. Mütəmadi olaraq akademik mətnlər yazırıq və biliyimiz həmin yazılar əsasında qiymətləndirilir. Tapşırıqları yerinə yetirmək üçün isə kifayət qədər vaxtımız olur.

Bəs dərsdənkənar tələbə həyatı necədir (klublar, yarışmalar və digər sosial fəaliyyətlər)?

Yataqxanadan kənarda qalırsınızsa, klublara qoşulmaq yeni insanlarla tanış olmağın çox yaxşı yoludur. Mən yataqxanada qaldığım üçün dost tapmaqda çətinlik çəkməmişəm. Buna görə də klublara qoşulmağa ehtiyac görməmişəm.

Ən yaddaqalan anlardan bəziləri Şükran Günündə bir yerə yığışıb yemək bişirməyimiz, Milad bayramını və Yeni ili birlikdə qeyd edib əylənməyimiz olub.

Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Yaşadığım şəhərdə və ölkədə ən çox insanları sevirəm. Onlar çox istiqanlı, gülərüz və mədəniyyətlidirlər. Hamı bir-birinə kömək etməyə can atır. Bu, hər yerdə, xüsusən də ictimai nəqliyyatda hiss olunur.

Nəqliyyat demişkən, şəhərdə ictimai nəqliyyat çox yaxşı inkişaf edib. Bir yerdən başqa yerə getməyin ən asan yolunu göstərən vahid mobil tətbiq var. Bu da şəhərdə gediş-gəlişi xeyli asanlaşdırır.

Şəhər kiçik olsa da, burada heç vaxt tıxacla qarşılaşmamışam. Avtobuslar isə həmişə vaxtında gəlir. Ümumilikdə şəhər həm qədim görünüşə malikdir, həm də çox müasirdir.

Bu ölkədə, bu universitetdə və ya ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Düşünürəm ki, magistratura təhsili ilə bağlı məsləhət versəm, daha düzgün olar. Ən əsas tövsiyəm tələsməməkdir. Universiteti bitirən kimi qərar verib bir neçə ay ərzində imtahanlara hazırlaşmağı və sənəd verməyi düzgün hesab etmirəm. Fikrimcə, bu prosesi əvvəlcədən planlaşdırmaq və hazırlığa vaxt ayırmaq lazımdır.

Məsələn, bakalavr pilləsinə yeni qəbul olmusunuzsa, indidən magistratura təhsiliniz barədə düşünməyə başlayın və bakalavr təhsilinizi bu hədəfə uyğun planlaşdırın. Daha sonra iş təcrübəsi qazanmağı məsləhət görərdim.

Mən də daxil olmaqla, buradakı tələbələrin heç biri bakalavr təhsilini bitirən kimi magistraturaya başlamayıb. Burada təhsilin səviyyəsi yüksəkdir, proqram da çətindir. Buna hazır olmaq lazımdır.

Ölkə haqqında isə onu deyə bilərəm ki, burada hava soyuqdur. Ona görə də qalın geyinməli olacaqsınız. 💙

Social icon