Xaricdə təhsil

Bonn Universitetində iqtisadiyyat üzrə magistr təhsili

Bonn Universiteti

Şəms Həsənli, Sağlık Bilimleri Universitetinin tibb tələbəsi

“«Tələbələrə tövsiyəm budur ki, seçim edərkən prioritetlərini müəyyənləşdirsinlər və ixtisas seçiminə daha çox vaxt ayırsınlar.»”

Özünüzü təqdim edə bilərsiniz?

Mən Bəyaz Ramazanlıyam. Bakalavr təhsilimi Türkiyənin Hacettepe Universitetində iqtisadiyyat ixtisası üzrə almışam. Daha sonra təhsilimi Almaniyada davam etdirməyə qərar verdim. Hazırda Bonn Universitetində iqtisadiyyat üzrə magistratura proqramının (MSc in Economics) birinci kursunda oxuyuram.

Universitetə hansı nəticələrlə qəbul olmuşdunuz?

Əsas göstəricilərim IELTS üzrə 7,0 bal, GRE nəticəm və 82 bal olan akademik ortalamam (GPA) idi. Yazdığım əhatəli motivasiya məktubu da universitetə qəbul olmağımda mühüm rol oynadı.

Təhsilim Azərbaycanın 2022–2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində maliyyələşdirilir. Proqram təhsil haqqını və sığorta xərclərini qarşılayır, yaşayış xərcləri üçün isə aylıq təqaüd verir.

Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və digər akademik fəaliyyətlər)?

Dərslər çətindir, amma bunu normal hesab edirəm. Bonn Universiteti tədqiqat yönümlü universitet kimi tanınır və dərslər də bu yanaşma əsasında qurulub.

Bonn Universiteti Almaniyada iqtisadiyyat üzrə öndə gələn universitetlərdən biridir. Məncə, akademik karyera qurmaq istəyənlər üçün yaxşı seçimdir. Burada bəyəndiyim məqamlardan biri də tələbələrin ən azı bir proqramlaşdırma dili öyrənməyə təşviq olunmasıdır.

Bəs dərsdənkənar tələbə həyatı necədir (klublar, yarışlar və digər sosial fəaliyyətlər)?

Əslində, sosial həyata çox vaxt ayıra bilmirik, çünki günümüzün böyük hissəsi kitabxanada keçir. 😀

Universitet dərsdənkənar vaxtı dəyərləndirmək üçün müxtəlif imkanlar təklif edir. Məsələn, idmanla məşğul olmaq istəyənlər üçün müxtəlif məşğələlər var. Kitab klubu fəaliyyət göstərir və fərqli mədəniyyətlərə məxsus rəqslər üzrə kurslar da keçirilir.

Xarici tələbələrin yaratdığı «International Club» birlikdə vaxt keçirmək, yeni insanlarla tanış olmaq və fərqli mədəniyyətləri öyrənmək üçün yaxşı fürsətdir. Tələbə kimi nəqliyyat və muzeylərdən istifadə ilə bağlı güzəştlərdən də yararlana bilərsiniz.

Yaşadığınız ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Bonn vaxtilə Qərbi Almaniyanın paytaxtı olub. Şəhərdə o qədər çox tələbə var ki, adama elə gəlir, əhalinin böyük hissəsini onlar təşkil edir. :) DHL Group, Deutsche Telekom və Deutsche Welle (DW) kimi tanınmış qurumlar, eləcə də Birləşmiş Millətlər Təşkilatının bir sıra ofisləri burada yerləşir.

Bonndan Kölnə təxminən 35–40 dəqiqəyə, Düsseldorfa isə bir saata getmək olur. Niderland və Belçikanın bəzi şəhərlərinə də təxminən 3–4 saata çatmaq mümkündür.

Almaniyada, Bonn Universitetində və ya ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə tövsiyə edərdiniz?

Tələbələrə tövsiyəm budur ki, seçim edərkən prioritetlərini müəyyənləşdirsinlər və ixtisas seçiminə daha çox vaxt ayırsınlar. İlk növbədə, akademik karyera qurmaq istədiklərini, yoxsa şirkət sektorunda çalışmaq istədiklərini dəqiqləşdirsinlər.

Əvvəlki paylaşımlarınızdan birində Sunayın da dediyi kimi, bura gələndə qarşılaşa biləcəyiniz çətinliklərə hazır olun və heç nəyin mümkünsüz olmadığını unutmayın. 🙏

Xaricdə təhsilini davam etdirəcək və ya bunu planlaşdıran bütün tələbələrə bol şans və uğurlar arzulayıram. ❤️

Social icon